Allahın sonsuz gücünü təqdir etmək

“Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!” (Həcc surəsi, 74)

Allah sonsuz qüdrətini və elminin dəlillərini hər şeydə göstərir. İnsan bədənində, kainatda, planetlərin orbitində, dəniz canlılarında, bitkilərdə və ağlınıza gələn hər şeydə açıq-aşkar nizam vardır. İnsanların bir qismi Allahın varlığının və qüdrətinin fərqində olsalar da, təkəbbür göstərərək inkar edirlər. Bir ayədə insanların düşdükləri bu qəflət vəziyyəti belə bildirilmişdir:

“Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər”. (Yusif surəsi, 105)

Kainatın böyüklüyü və məsafəsi insan təxəyyülündən çox uzaqdır. Kainatın böyüklüyünü düşündükdə yaşadığımız dünyada böyük hesab etdiyimiz rəqəmlərin, əslində, çox kiçik olduğunu görərik. Məsələn, kainatda 300 milyard qalaktikanın mövcud olduğu hesablanmışdır. Bizim içində olduğumuz Samanyolu qalaktikasında 250 milyard ulduz var. Bu ulduzlardan biri bizim Günəşimizdir. Günəşin diametri orta hesabla dünyanın diametrinin 103 misli qədərdir. Günəşə ən yaxın olan ulduz Alfa Sentori Günəşdən 78.000 kilometr uzaqlıqda yerləşir.

Sirlərlə dolu kosmosda milyardlarla qalaktika öz orbitlərində müəyyən istiqamətdə hərəkət edir və cazibə qüvvəsi vasitəsilə bir-birlərinə təsir edirlər. Kainatda nəhəng böyüklükdə olan bütün ulduzlar, peyklər, hətta bunların üzərindəki tək bir toz zərrəsi, qısası, hər şey onlar üçün müəyyən olunmuş qədər (tale) daxilində hərəkət edirlər. Hər birinin hərəkəti, fırlanma sürəti, istiliyi, məsafə uzaqlığı Allah Qatında bəllidir. Yerin dərinliklərindəki gözlə görünməyən kiçik bir canlını yaradan, onun üçün qədər (tale) müəyyən edən Allah kainatdakı nəhəng ulduzları da ən mükəmməl şəkildə yaratmışdır. Allah hər şeyi olduğu kimi onları da öz idarəsi altında saxlayır. “Kəbir” olan Allah böyüklüyünü və qüdrətini torpağın altında yaşayan canlılarda da, kainatın dərin qaranlıqlarındakı nəhəng qalaktikalarda da açıq şəkildə nümayiş göstərir.

İnsan hər hansı bir şeyi araşdırsa, mütləq Allahın üstün və qüsursuz sənəti ilə qarşılaşacaq. Heç bir varlıq təsadüfən hər hansı bir xüsusiyyət qazana bilməz, təsadüfən mövcud nizam və tarazlığı qoruyub saxlaya bilməz. Bunların hamısı üstün və sonsuz ağılın idarəsində və nəzarətindədir. Hər yerdə dəlillərini göstərən bu üstün ağıl aləmlərin Rəbbi olan uca Allaha aiddir.

Bu dəlilləri ancaq yaradılış məqsədini düşünən, ağlını və vicdanını doğru istifadə edə bilən insanlar görə bilirlər. Bunlar da iman gətirən insanlardır. Səmimi davranaraq və dərin düşünərək Allahın yaradılış sənətini və gücünü görən möminlər Onu təqdir edirlər. Bir ayədə ağıllı insanların Allahın ayələrini hər yerdə görə biləcəkləri belə açıqlanır:

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-biri ilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)

Bunu qavrayan insan Allahın varlığının dəlillərini hər şeydə görə bilər. İnsanların əksəriyyəti bu həqiqətləri düşünmədən tamamilə boş bir ağılla yaşayırlar. Lakin möminlər davamlı Allahı təfəkkür edirlər. Bir ayədə müsəlmanın rəftarı belə izah edilir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər): “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali-İmran surəsi, 191)

Kainatda hər şey Allahın sonsuz gücünü və ağlını əks etdirir. Allah dünyada imtahanın tələbi olaraq baş verənləri insan ağlının qavraya biləcəyi məqbul səbəb-nəticə əlaqələri daxilində göstərir. Buna görə də insanlar bir meyvə gördükdə bunun toxumdan inkişaf edən ağacın zaman keçdikcə verdiyi meyvə olduğundan şübhələnmirlər. Əlbəttə ki, Allahın qanununa görə, dünyada meyvənin yaranma səbəbi budur, lakin unutmamaq lazımdır ki, Allah dilədiyi təqdirdə bütün kainatı səbəbsiz də yarada bilər. Allah hər şeyi dilədiyi şəkildə və zamanda yarada bilən, heç bir şeyə ehtiyacı olmayandır. Allahın yaratması üçün heç bir səbəbə, vasitəyə, mərhələyə ehtiyacı yoxdur. Dünyada hər şeyin müəyyən səbəblərə, təbiət qanunlarına bağlı olması insanları yanıltmamalıdır. Allah bütün bu səbəblərin Yaradıcısı olaraq bunlardan tamamilə uzaqdır. Belə ki, cənnətdə səbəblərdən asılı olan yaradılış aradan qalxacağı üçün ağacdan qopan meyvə dərhal yenisi ilə əvəz olunacaq və heç bir azalma olmayacaq. Səbəbləri də, nəticələri də yaradan Allahdır. Məsələn, ağacın kölgəsinə baxdıqda bu kölgənin səbəbinin Günəş şüalarının əks olunma bucağı olduğunu bilirik. Kölgə günəşin nəticəsidir, lakin günəşi kölgəyə səbəb edən Allahdır. Bu vəziyyət Quranda belə bildirilib:

“Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər O istəsə idi, onu hərəkətsiz halda saxlayardı. Sonra Biz günəşi onun bələdçisi etdik. Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik”. (Furqan surəsi, 45-46)

"... Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur." (Maidə surəsi, 119)

Dünyada hər şeyin səbəb nəticə əlaqəsi ilə yaradılması Allahın sənətidir. Allah hər şeyi istədiyi anda, istədiyi şəkildə yarada bilər və ya istədiyi hər hansı bir formaya çevirə bilər. Kainatı yoxdan yaradan Allah dilədiyi zaman dünyada səbəbləri aradan qaldıracaq. Əməlisaleh müsəlmanlar cənnətdə ağıllarına gələn, xoşladıqları hər hansı bir şeyi istəyə biləcək, istədikləri anda Allahın izni ilə bütün bunlara sahib olacaqlar. İstər özləri, istərsə də ətrafdakı hər bir şey istədikləri forma və surətdə olacaq, hər istədiklərini edib, zövq alacaqları nemətlər içində yaşayacaqlar. Üstəlik, bunların heç biri hər hansı bir ehtiyacı ödəmək, bir əskikliyi aradan qaldırmaq, bir qüsuru örtmək məqsədi ilə edilməyəcək, yalnız Allahdan nemət və gözəllik olaraq cənnət əhlinin zövq almaları üçün olacaq. (Ən doğrusunu Allah bilir.)